NASA Ay missiyasına daxil olan ilk qadın və qaradərili astronavtların adlarını açıqlayıb
Bakı, 4 aprel, AZƏRTAC
ABŞ-nin Milli Aerokosmik Agentliyi (NASA) 50 illik fasilədən sonra Aya göndəriləcək missiyanın tərkibinə daxil edilmiş ilk qadın və qaradərili astronavtların adlarını açıqlayıb.
AZƏRTAC NASA-nın rəsmi saytına istinadla xəbər verir ki, Kristina Koç Aya uçacaq ilk qadın, Viktor Qlover isə birinci qaradərili astronavtlar olacaqlar. Onlar gələn ilin sonu və ya 2025-ci ilin əvvəlində Yerin süni peykinin orbitinə buraxılacaq kosmik zondda digər astronavtlar - Red Vaysman və Ceremi Hansenə qoşulacaqlar. Koç və Qlover Ayın səthinə enməyəcək, lakin digər astronavtların bu əməliyyatı yerinə yetirməsi üçün şərait yaradacaqlar.
Üçü ABŞ və biri Kanada vətəndaşı olan astronavtlar Texas ştatının Hyuston şəhərində keçirilən mərasimdə ictimaiyyətə təqdim ediliblər. Tədbirdə NASA-nın rəhbərliyi məlumat verib ki, astronavtlar bundan sonrakı dövrdə intensiv hazırlıq dövrü keçəcəklər.
Kristina Koç elektrik mühəndisidir. O, qadın astronavtın kosmosda qaldığı ən uzun müddət - 328 gün rekordunun sahibidir. Aya uçacağı təqdirdə onun adı Yerin süni peykinə göndərilən missiyanın ilk qadın üzvü kimi tarixə düşəcək.
NASA-nın Aya göndərəcəyi “Artemis 2” missiyası 50 il əvvəl “Apollon 8” kosmik gəmisindən sonra Yerin süni peykinə enəcək ilk ekipaj olacaq. Adları yunan mifologiyasından götürülən bu iki missiya (mifologiyada Artemida Appolonun ekiz bacısı olub) arasında fərq Aya XXI əsrin texnologiyası ilə enmək olacaq. Keçən il agentlik “Space Launch System” adlı növbəti nəsil Ay raketini və “Orion” kimi tanınan onunla əlaqəli ekipaj kapsulunu sınaqdan keçirib. “Artemis-1” insansız kosmik missiyası Ayın ətrafında 25 gün dövrə vurub və bu müddətdə mühəndislər avadanlıqların hazırlığını qiymətləndirə biliblər.
İndi yeni adları çəkilən astronavtlar “Artemida-2” üçün Oriona qalxacaq və onların Aya səyahəti təxminən 10 gün çəkəcək. İnsanın Aya sonuncu kosmik uçuşu 1972-ci ilin dekabrında “Apollon 17” vasitəsilə həyata keçirilib.
NASA-nın hələ ki, astronavtları Ayın səthinə endirmək qabiliyyətinə malik sistemi yoxdur. Bu, sahibkar İlon Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanır. “Starship” adlanan aparatın yaxın bir neçə həftə ərzində uçuş sınaqlarına başlaması nəzərdə tutulur.