“NATİONAL GEOGRAPHİC” TƏŞKİLATI DA AZƏRBAYCANIN XƏRİTƏSİNDƏ YOL VERDİYİ SƏHVİ DÜZƏLTMİŞDİR
Berlin, 19 yanvar (AZƏRTAC). Xəbər verdiyimiz kimi, “Freedom House” təşkilatı “Azadlıq xəritəsi” deyilən xəritədə Azərbaycanın Dağlıq Qarabağ regionunu Ermənistanın və Azərbaycanın birgə ərazisi kimi göstərmişdir. Bu yaxınlarda həmin səhv aradan qaldırılmışdır.
2010-cu il üçün tərtib edilmiş yeni xəritədə Dağlıq Qarabağ regionu barəsində onun guya Ermənistanla Azərbaycan arasında “mübahisəli ərazi” olması barədə hiddətləndirici “izahat” [Armenia-Azerbaijan] və regionun inzibati sərhədləri götürülmüşdür. Bizi qane edən bu fakt belə güman etməyə əsas verir ki, Azərbaycan vətəndaşlarının çoxsaylı etiraz məktubları “Freedom House” təşkilatının rəhbərliyini inandırmışdır ki, bu vilayət beynəlxalq hüquq normalarına əsasən bizim dövlətin tərkib hissəsidir.
Ölkəmizin vətəndaşlarının buna oxşar səhvlərə yol vermiş başqa təşkilatlara müraciətləri də öz səmərəsini verir. Məsələn, bu gün məlum olmuşdur ki, “National Geographic” təşkilatı da öz saytında yol verilmiş səhvi aradan qaldırmışdır. Həmin saytdakı əvvəlki xəritədən fərqli olaraq, indi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin adı ilə yanaşı “disputed” (“mübahisəli”) izahı yoxdur və bu region formatına görə suveren dövlətlərin sərhədlərinə oxşayan dövlət sərhədi ilə ayrılmamışdır. Düzəliş edilmiş xəritədə Dağlıq Qarabağ öz qanuni yerinə - Azərbaycanın tərkibinə qaytarılmışdır.
Xatırladaq ki, düzəliş edilənə qədər həmin xəritə aşağıdakı saytda göstərildiyi kimi idi:
http://news.bakililar.az/photo/37_map.jpg
İndi isə Azərbaycan ictimaiyyətinin ciddi etirazları nəticəsində bu xəritə aşağıdakı saytda göstərildiyi kimidir:
http://travel.nationalgeographic.com/travel/countries/azerbaijan-map/
Beləliklə, Azərbaycan vətəndaşlarının etiraz kampaniyalarında iştirak etməsi - elektron məktublar, faksimile göndərməsi, habelə telefon zəngləri həqiqətən öz səmərəsini verir. Biz həmvətənlərimizə müraciətlə onları veb-saytları, kitabları, ensiklopediyaları izləməkdə davam etməyə, Dağlıq Qarabağın Azərbaycana mənsub olmasını şübhə altına alan səhvlər aşkar etdikdə bu barədə bizə məlumat verməyə çağırırıq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin