NATO PARLAMENT ASSAMBLEYASI DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDƏCƏKDİR
Bakı, 5 avqust (AZƏRTAC). NATO Parlament Assambleyasının bu ilin payızında Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirəyə çıxarmaq istəyi Ermənistanı təşvişə salmışdır. Ermənistan parlamentinin çağırışlarına baxmayaraq, Assambleya problemin müzakirəsindən imtina etmək fikrində deyildir.
NATO-nun son üç sammitində Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləməsi, bu təklifə də müsbət yanaşılması erməniləri bərk sarsıtmışdır. Narahatlığını gizlətməyən Ermənistan parlamenti NATO-ya müraciət də ünvanlamışdır.
Ermənistanın “Armenia Today” informasiya agentliyi parlamentin spikeri Ovik Abramyanın Con Tannerə qurumun Dağlıq Qarabağ üzrə hazırlamağı planlaşdırdığı mümkün məruzəsi ilə bağlı münaqişənin müzakirəsindən imtina etmək xahişi barədə müraciətini dərc etmişdir. Amma bu müraciətə müsbət cavab verilməmişdir. Əksinə, Assambleyanın mətbuat ofisinin məlumatında Ermənistan parlamentinin çağırışına baxmayaraq, Dağlıq Qarabağ probleminin müzakirəsindən imtina edilməyəcəyi bildirilir. Qeyd olunur ki, Assambleyanın siyasi rəhbərliyi kiminsə müzakirədən sadəcə xoşu gəlmir deyə, ondan imtina edə bilməz. Qurumun bu məsələ ilə bağlı müəyyən addımlar atmaq barədə siyasi öhdəlikləri vardır.
Hazırda bütün diqqət noyabrda keçiriləcək növbəti toplantıya yönəlmişdir. Noyabrda Varşavada keçiriləcək toplantı çərçivəsində NATO Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə qətnamənin qəbulunun nəzərdə tutulduğu görüşü planlaşdırılır.