Naxçıvan Dövlət Universitetində tələbələrlə görüş keçirilib
Naxçıvan, 30 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri Üzrə Dövlət Xidmətinin əməkdaşlarının Naxçıvan Dövlət Universitetində xidmətin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrlə görüşü olub.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində keçirilən tədbirdə çıxış edən ali təhsil ocağının rektoru, dosent Elbrus İsayev keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. Elbrus İsayev xidmətin hamiliyinə verilmiş Torpaqşünaslıq və aqrokimya ixtisası üzrə 51, Yer quruluşu və daşınmaz əmlakın kadastr ixtisası üzrə 9, Geodeziya və xəritəçilik mühəndisliyi üzrə isə 9 tələbənin təhsil aldığını diqqətə çatdırıb. Qeyd edib ki, hamilik tədbirlərinin nəticəsində tələbələr dərslərdə qazandığı nəzəri bilikləri təcrübədə tətbiq etmək imkanına malik olur və gələcəkdə işləmək imkanı qazanırlar.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə “Muxtar respublikada dövlət idarəçiliyi sahəsində keçilmiş yol və qarşıda duran vəzifələr” mövzusunda çıxış edib. Xidmətin rəisi ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı müvafiq sərəncamlarla müəyyənləşdirilmiş vəzifələrin icrası istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, xidmətdə hər tədris ilinin əvvəlindən başlayaraq tələbələrlə intensiv görüşlər keçirilib. Xidmətin bazasında tələbələrin praktik məşğələlər keçmələri təmin edilib, geodeziya-ölçü avadanlıqlarından ilkin istifadə vərdişləri öyrədilib, həmçinin çöl şəraitində tələbələrin sınaq geodeziya ölçmələrində iştirakı təmin olunub.
Universitetin məzunu və hazırda xidmətin əməkdaşı kimi fəaliyyət göstərən İbrahim İbrahimli gənc mütəxəssislərə dövlət qayğısından danışıb.
Sonda təcrübədə fəal iştirak edən tələbələr xidmətin rəisi tərəfindən təşəkkürnamə ilə təltif edilib, “Torpaq müqəddəs sərvətimizdir” adlı filmin nümayişi olub.