Naxçıvan duzu xarici bazarlara çıxarılacaq
Naxçıvan, 4 mart, AZƏRTAC
Naxçıvanın minillik rəmzi sayılan duz ölkə səviyyəsində həmişə brend məhsul olub. “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti ölkəmizin digər regionlarında da Naxçıvan duzunun satışını təmin etmək məqsədilə Bərdə şəhərində baza yaradıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında elan edilən “İxrac ili”ndə hədəf Naxçıvan duzunun xarici bazarlara daha geniş şəkildə çıxarılmasıdır.
Qeyd edək ki, Duzdağda yeni şaxta istifadəyə veriləcək. Ərazidə duz ehtiyatlarının miqdarı, keyfiyyəti və tərkibi dəqiq öyrənilib, laboratoriya analizləri aparılıb və duzun standartların tələblərinə uyğunluğu müəyyənləşdirilib. Hazırda yeni şaxtanın əhatə etdiyi ərazidə 15 milyon ton duz ehtiyatı var. Yeni açılan şaxtada texnoloji rejimə nəzarət ediləcək, havalandırma sistemi qurulacaq, müəyyən olunmuş duz layına qədər 390 metr uzunluğunda tunel çəkiləcək.
Naxçıvan duzunun istehsal və satış həcmini artırmaq məqsədilə yeni müəssisə də qurulacaq. Müasir avadanlıqla təmin ediləcək müəssisədə istehsal prosesi avtomatlaşdırılacaq və illik istehsal gücü 15 min ton olacaq.