Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyi keçiriləcək
Naxçıvan, 3 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 2-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, sərəncamda bu il Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yaradılmasının 50 illiyinin tamam olduğu vurğulanıb. Qeyd edilib ki, Naxçıvanda rəssamlıq sənəti böyük inkişaf yolu keçib. Tarixi Gəmiqaya təsvirlərindən başlayan Naxçıvan rəssamlıq sənəti XII əsrdən etibarən memarlıq məktəbinin təsiri ilə inkişaf edib. XX əsrin əvvəllərində Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərli Naxçıvan rəssamlıq məktəbinə yeni ictimai məzmun qazandırıb, onu forma və təsvir vasitələri ilə zənginləşdirib.
Sərəncamda deyilir: “Ümummilli liderimiz Heydər Əliyevin himayəsi ilə 1971-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı, 2000-ci ildə isə həmin təşkilatın bazasında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yaradılmışdır. Müstəqillik illərində muxtar respublikada rəssamlıq sənətinin inkişafı ilə bağlı ardıcıl tədbirlər görülmüş, Rəssamlar Birliyi yeni bina və emalatxana ilə təmin edilmiş, birlik üzvlərinin yaradıcılıq imkanları genişləndirilmiş, Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi və Rəssamlar Parkı yaradılmış, ali təhsil müəssisələrində müvafiq ixtisaslar açılmışdır.
Bu gün tariximizin və milli dəyərlərimizin təbliği, günümüzün real mənzərəsinin yaradılması və vətənpərvərlik tərbiyəsi Naxçıvan rəssamlarının yaradıcılığında əsas yer tutur”.
Sərəncama əsasən, Rəssamlar Birliyinin muxtar respublikanın ictimai-mədəni həyatındakı rolu nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyi qeyd ediləcək. Bununla bağlı Tədbirlər Planı da təsdiqlənib.