Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Lisey peşəkar kadrların hazırlanmasına öz töhfəsini verəcək
Naxçıvan, 19 sentyabr, AZƏRTAC
Muxtar respublikada şagirdlərin daha yaxşı biliklər əldə etməsi, onların fənlər üzrə istedad və bacarıqlarının aşkar olunması və inkişafı, həmçinin gələcək ixtisas seçiminin istiqamətləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində təmayüllü liseylərin yaradılması təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu tədris ilindən nazirliyin tabeliyində yeni bir təhsil ocağı - Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Lisey fəaliyyətə başlayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 4 avqust tarixli Sərəncamı ilə yaradılan liseyin açılışı bu il sentyabrın 15-də - Bilik Günündə olub.
Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan 342 yerlik binada 19 sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, şahmat sinfi, 2 kompüter, 2 müəllimlər, direktor, psixoloq, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, idman zalı, qarderob və texniki otaqlar yerləşir. Binada internetə çıxışı olan 58 kompüter və 16 elektron lövhə quraşdırılıb. Liseyin kitabxana fondunda 5931 kitab və 840 test toplusu var.
STEAM kabinəsində 1 elektron lövhə, 12 kompüter, 3D printer quraşdırılıb, kabinə 31 mikrobit və komponent dəsti, 31 arduino və komponent dəsti, 2 Makeblock kəsmə və oyma CNC lazer dəzgahı, 32 ədəd 3D çap materialı, 78 STEAM eksperiment dəsti, 4 lego spike inkişaf dəsti, 10 ədəd 3D qələm, 23 elektrik mühəndisliyi dəsti və digər öyrədici STEAM qurğuları ilə təchiz edilib.
Şagirdlərin nəzəri biliklərini möhkəmləndirmək üçün kimya, biologiya və fizika laboratoriyalarında müasir əyani vəsaitlər quraşdırılıb, idman zalında yeniyetmələrin fiziki sağlamlığının qorunması üçün lazımi şərait yaradılıb. Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədilə liseydə hərbi kabinə də fəaliyyət göstərir. Şahmat sinfinin bütün lazımi avadanlıqlarla təchiz olunması isə dərslərin daha yaxşı tədrisinə imkan yaradır.
Bu il mayın 7-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 2022-2023-cü tədris ili üzrə liseyə qəbul imtahanı keçirib. Liseyə ümumtəhsil məktəblərinin VII-VIII siniflərini bitirən qəbul imtahanında ən yüksək nəticə göstərən 120 şagird qəbul olub. Müasir tədris vasitələrilə təmin olunan liseydə təhsil ümumi orta (VII-IX), tam orta (X-XI) olmaqla, iki səviyyədə həyata keçirilir. Tədris prosesi isə muxtar respublika ümumtəhsil məktəblərinin ən təcrübəli, eyni zamanda sertifikasiya nəticəsi ən yüksək olan müəllimləri tərəfindən xüsusi təsdiq edilmiş tədris proqramı əsasında aparılır.
Liseyə qəbul olan şagirdlər təbiət elmləri üzrə öz bilik və bacarıqlarını dərinləşdirərək gələcəkdə müvafiq ixtisaslara yiyələnmək arzusu yolunda ilk qazandıqları uğurun liseyə qəbul olmanın sevincini yaşayırlar.
Liseyin şagirdi İsmayıl Əliyev deyib ki, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə təhsil aldığım müddətdə kimya-biologiya fənlərinə marağım böyük olub. Müəllimlərimiz məktəbimizdə yaradılan müasir fənn kabinələrinin imkanlarından istifadə edərək, bizə bu fənlər üzrə yaxşı biliklər aşılayıblar. Dövlətimizə minnətdarlığımı bildirirəm ki, Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Lisey yaradıldı. Mən də liseyə keçirilən qəbul imtahanında ən yüksək nəticə göstərərək 511 bal topladım. Çalışacağam ki, liseydə yaradılan müasir tədris şəraitindən istifadə edərək öz bilik və bacarıqlarımı inkişaf etdirəm. Məqsədim gələcəkdə yaxşı həkim olmaqdır.
Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə təhsil aldığını deyən liseyin digər şagirdi Zərifə Bünyatova Kimya-Biologiya Təmayüllü Liseyə keçirilən qəbul imtahanında 497 bal toplayıb. O qeyd edib ki, bu liseyin yaradılması biz şagirdlərin kimya və biologiya fənləri üzrə istedad və bacarıqlarının inkişafına kömək edəcək. Liseydə yaradılan müasir tədris şəraiti, heç şübhəsiz ki, bizə fənləri əyani şəkildə daha dərindən mənimsəmək və yüksək nəticələr əldə etmək üçün geniş imkanlar açacaq. “Arzum liseydə yaxşı təhsil almaqla gələcəkdə tibb sahəsində yaxşı bir mütəxəssis olmaqdır”, - deyə o bildirib.
Qeyd edək ki, muxtar respublikada Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey də fəaliyyət göstərir. Lisey texniki dəqiq elmlər sahəsi üzrə kadrların hazırlanması sahəsində nümunəvi bir təhsil ocağına çevrilib. Naxçıvan Qızlar Liseyində də yüksək savada malik, dünyagörüşlü, vətənpərvər, milli-mənəvi dəyərlərimizə sadiq əsl Azərbaycan xanımları yetişdirilir. Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Lisey fəaliyyətə başlaması da muxtar respublikada kimya və biologiya fənləri üzrə şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə öz töhfəsini verəcək.