Naxçıvan şəhərində “Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımı cinayətidir” mövzusunda konfrans keçirilib
Naxçıvan, 24 fevral, Rauf Əliyev, AZƏRTAC
Fevralın 24-də Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Şəhər Təşkilatının təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Xatirə muzeyində “Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımı cinayətidir” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən YAP Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli Xocalı soyqırımını Azərbaycan tarixinə dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edib.
Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə şəxsi heyəti erməni və rus hərbçilərindən təşkil edilmiş 366-cı motoatıcı alayın üç batalyonu 7 min nəfərlik Xocalı şəhərini yerlə-yeksan edib, əhaliyə amansız divan tutub. Nəticədə 613 nəfər azərbaycanlı öldürülüb ki, bunların da 106-sı qadın, 63-ü azyaşlı uşaq, 70-i qocadır. Ermənilər həm sağ qalmış, həm də qətlə yetirilmiş insanlar üzərində ağlasığmaz işgəncə üsulları həyata keçiriblər.
“Erməni canilərinin dövlət səviyyəsində həyata keçirdikləri hərbi cinayət olan bu soyqırımı aktı XX əsrdə Çexiyanın Liditse, Belarusun Xatın, Fransanın Oradur, Vyetnamın Sonqmi kəndlərində törədilmiş qırğınlarla müqayisədə daha qanlı cinayət kimi bəşəriyyətin tarixinə düşüb” - deyən YAP Naxçıvan Şəhər Təşkilatının sədri qeyd edib ki, Azərbaycan dövləti Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı aktı kimi tanıdılması üçün mühüm addımlar atıb. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildən başlanan “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın 70-dən çox ölkəsində müxtəlif səpkili tədbirlər keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-cü il fevralın 13-də “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Həyata keçirilən məqsədyönlü işlər nəticəsində dünyanın 8 ölkəsi, bir neçə beynəlxalq təşkilat və ABŞ-ın 15-dək ştatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb.
Konfrans iştirakçıları ermənilərin xalqımıza qarşı törətdikləri deportasiya və soyqırımı tarixinin 1988-ci ildən başlanan mərhələsinin əks olunduğu eksponatlara tanış olduqdan sonra Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə gəliblər.
Birliyin sədri, YAP Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ülviyyə Həmzəyeva Bəhruz Kəngərli adına Sərgi salonunda açılan “Qan yaddaşımız Xocalı” adlı rəsm sərgisi haqqında ətraflı məlumat verib.
Tədbir iştirakçıları naxçıvanlı rəssamların Xocalı soyqırımına həsr olunmuş əl işlərinə baxıblar.