Naxçıvan Təlim Mərkəzinin təlimlərini uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim olunub
Naxçıvan, 11 dekabr, AZƏRTAC
Naxçıvan Təlim Mərkəzinin (NTM) təşkilatçılığı ilə keçirilən təlimləri uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan Dövlət Texniki Kollecinin akt zalında keçirilən tədbirdə “Dövlət qurumları üçün SMM”, “Dövlət satınalmaları və tətbiqi”, “İnsan resurslarının idarə olunması”, “Rəhbərlər üçün inkişaf proqramı” və “Ofis proqramları” üzrə təlimləri müvəffəqiyyətlə tamamlayan iştirakçılar mükafatlandırılıb.
Naxçıvan Təlim Mərkəzinin fəaliyyətindən bəhs edən videoçarxın nümayişindən sonra "Naxçıvan Təlim Mərkəzi" publik hüquqi şəxsin İdarə Heyətinin sədri Bəhruz Nəzərov çıxış edərək bildirib ki, Təlim Mərkəzinin ilin əvvəlindən etibarən təşkil etdiyi təlimlərə dövlət orqanlarının 2000-dən artıq əməkdaşı, o cümlədən gənclər qatılıb. Təlimlərin keçirilməsində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin və digər dövlət qurumlarının dəstəyini qeyd edən B.Nəzərov muxtar respublika rəhbərliyinin NTM-in fəaliyyətinin daha da genişləndirilməsini prioritet vəzifələrdən biri kimi müəyyənləşdirdiyini vurğulayıb. O, gələn ildən təlimlərin istər təşkili, istər mövzu əhatəsi, istərsə də sertifikasiyanın meyarları ilə bağlı yeni qaydaların tətbiqi istiqamətində aparılan işlər sayəsində NTM-in fəaliyyətində keyfiyyətcə yeni mərhələnin başlanacağını qeyd edib, dövlət orqanlarının əməkdaşlarını və gəncləri təlimlərdə fəal iştirak etməyə səsləyib.
Tədbirin sonunda təlimlərin 121 nəfər iştirakçısına sertifikatlar təqdim olunub.