Naxçıvanda aparılan dörd audit üzrə aşkarlanmış hüquqpozmalar cinayət araşdırmalarına yol açıb

Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 2024-cü il üçün təsdiqlənmiş iş planına uyğun şəkildə həyata keçirilmiş audit tədbirləri nəticəsində mühüm maliyyə pozuntuları aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında təqdim olunan “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”da yer alıb.
Hesabatda bildirilir ki, il ərzində Naxçıvan üzrə 6 uyğunluq auditi və 2 analitik təhlil aparılıb, nəticələr isə hüquqi sənədlərlə rəsmiləşdirilib. Auditlər zamanı ümumilikdə 46,6 milyon manat həcmində maliyyə pozuntusu müəyyən olunub. Bu vəsaitin 12,7 milyon manatı birbaşa büdcəyə dəyən zərəri təşkil edərkən, 31,5 milyon manatı isə bank hesablarında saxlanılaraq büdcəyə köçürülməyən məbləğlərdən ibarət olub.
Maliyyə hesabatlarının yoxlanılması zamanı ümumi dəyəri 19 milyon manat olan təhriflər müəyyən edilib ki, bunlardan 18,3 milyon manatı əhəmiyyətli səviyyədə qeyri-dəqiq məlumatlarla əlaqələndirilib. Həmçinin auditlər nəticəsində 2,3 milyon manat həcmində səmərəsiz və məqsədəuyğun olmayan xərclər də qeydə alınıb.
Aparılan dörd audit üzrə aşkarlanmış hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinə rast gəlindiyi üçün müvafiq materiallar Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim olunub. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təqdim etdiyi məlumata əsasən, Naxçıvan üzrə idarə tərəfindən göndərilmiş materiallardan üçü üzrə artıq cinayət işi başlanılıb və istintaq prosesi davam etdirilir. Bu işlərdən biri üzrə 200 min manat, əvvəlki illərdə göndərilmiş digər materiallara dair isə əlavə 100 min manat vəsaitin geri qaytarıldığı bildirilib. Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş rəsmi məlumata görə isə bir audit üzrə aşkar edilmiş qanun pozuntuları ilə bağlı da cinayət işi çərçivəsində istintaq tədbirləri aparılır.