İDMAN
NAXÇIVANDA GƏNC ŞAHMATÇILARIN DÜNYA ÇEMPİONATI BAŞA ÇATDI
20 yaşınadək gənc şahmatçı oğlan və qızlar arasında Naxçıvan şəhərində keçirilən dünya çempionatı başa çatmışdır. AZƏRTAC-ın müxbiri xəbər verir ki, iyulun 3-də Naxçıvan Olimpiya İdman Kompleksində çempionatın oğlanlar arasında son 13-cü, qızlar arasında isə 11-ci turu keçirilidi. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən son turda Şəhriyar Məmmədyarov rusiyalı Vitali Baçinlə qarşılaşdı. Görüş şahmatçımızın qələbəsi ilə nəticələndi. Beləliklə, Şəhriyar Məmmədyarov 13 turda 10 xal toplayaraq dünya çempionu adını qazandı. İkinci yeri 9,5 xalla belaruslu Sergey Azarov, üçüncü yeri 8,5 xalla ukraynalı Aleksandr Zubov tutdular. Digər şahmatçılarımız – Qədir Hüseynov, Vüqar Həşimov rusiyalı Vitali Baçinlə 4-6-cı yerləri bölüşdürdülər. 7,5 xal toplayan həmyerlimiz Rauf Məmmədov beynəlxalq usta normasını ödədi. Qızların yarışları da maraqlı keçdi. Onların arasında gürcüstanlı Nana Dzaqnidze xüsusilə fərqlənirdi. Nana 11 turda 9,5 xal toplayaraq çempionatın qızıl medalını qazandı. Gümüş medalın sahibi rumıniyalı Kristina Kalotesnu oldu. Son turda şahmatçımız Zeynəb Məmmədyarova hindistanlı Taniya Sacideni məğlubiyyətə uğradaraq, 3-cü yerə çıxdı. İyulun 3-də axşam Naxçıvan Olimpiya İdman Kompleksində çempionatın təntənəli bağlanış mərasimi oldu. Çempionatın yüksək səviyyədə təşkil edilməsinə və keçirilməsinə qayğı və köməyinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov birinciliyin Təşkilat Komitəsinin xatirə medalına layiq görüldü. Bu mükafatı ona Milli Məclisin deputatı, Azərbaycan Şahmat Federasiyasının sədri, beynəlxalq qrossmeyster Aynur Sofiyeva təqdim etdi. Çempionatda qalib gələnlərə və fərqlənənlərə medalları isə Vasif Talıbov və Aynur Sofiyeva təqdim etdilər. Sonda Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və bununla da, dünya birinciliyi bağlı elan olundu.