Naxçıvanda ilin əvvəlindən verilən Asan İmza sertifikatı 11 mini ötüb
Bakı, 13 dekabr, AZƏRTAC
Cari ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin vergiödəyicilərinə xidmət strukturlarında ümumilikdə 34 min 346 şəxs qəbul edilib.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, xidmət strukturları tərəfindən vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 46 min 836 sayda xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur.
Yanvar-noyabr ayları ərzində vergiödəyicilərinə 114 min 882 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergiödəyiciləri ilə 52 görüş keçirilib, 319 sayda ünvanlı xidmət göstərilib. İlin əvvəlindən 6618 müraciət üzrə 11 min 821 Asan İmza sertifikatı verilib.
Bu ilin may ayında istifadəyə verilmiş Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergiödəyicilərinə xidmət mərkəzi tərəfindən dekabrın 1-dək ümumilikdə 12 min 47 şəxs qəbul edilib. Onlara 17 min 497 sayda xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə göstərilən xidmətlərin sayından 3 dəfə çoxdur.