REGİONLAR
Naxçıvanda iyul-avqust aylarında 6 arxeoloji ekspedisiya fəaliyyət göstərib
Naxçıvan, 12 sentyabr, AZƏRTAC
AMEA-nın Naxçıvan Bölməsində cari ildə muxtar respublikada fəaliyyət göstərən arxeoloji ekspedisiyaların yekunları ilə bağlı hesabat iclası olub.
Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev 2024-cü ilin iyul-avqust ayları ərzində muxtar respublikada 6 arxeoloji ekspedisiyanın fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, həmin ekspedisiyalardan 2-si AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, 4-ü isə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu tərəfindən həyata keçirilib. Belə ki, arxeoloji ekspedisiyalar Babək rayonu ərazisindəki Bülövqaya yaşayış yerində, Şərur rayonu ərazisindəki I və II Xələc yaşayış yerində, Ordubad rayonu ərazisindəki Xaraba Gilan yaşayış yerində, I Maxta və II Kültəpə yaşayış yerində, Babək rayonu ərazisindəki Meydantəpə yaşayış yerində, Şahtaxtı qədim abidələr kompleksində fəaliyyət göstərib.
Arxeoloji ekspedisiyaların fəaliyyəti, aparılan mühüm tədqiqatlar barədə fikirlərini dilə gətirən bölmə sədri bildirib ki, aparılan qazıntılar qədim dövr tariximizin daha dərindən öyrənilməsinə, bölgənin mədəni, iqtisadi inkişafı, eləcə də bölgə sakinlərinin həyat tərzi, dünyagörüşü, düşüncə sistemi barədə müfəssəl məlumat almağa kömək edir.
Daha sonra ekspedisiyaların yekun hesabatı təqdim olunub.
Sonda iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.