Naxçıvanda keçirilən “Heydər Əliyev Kuboku” uğrunda futzal turnirinin qalibi müəyyənləşib
Naxçıvan, 30 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında təşkil edilən "Heydər Əliyev Kuboku" uğrunda futzal turniri başa çatıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkil etdikləri turnirin üçüncülük və final qarşılaşmaları iyunun 30-u İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, üçüncü yer uğrunda görüşdə Mədəniyyət Nazirliyinin komandasına 5:4 hesabı ilə qalib gələn Dövlət Vergi Xidmətinin təmsilçiləri bürünc medal qazanıb.
Finalda isə Təhsil və Ədliyyə nazirlikləri meydanda olublar. Əsas mükafat uğrunda mübarizədə 1:1 hesablı bərabərlik qeydə alındığından qalib penaltilər seriyasında məlum olub. Penaltiləri üstün tamamlayan Ədliyyə Nazirliyinin komandası turnirin qalibi olub.
Görüşdən sonra mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə turnir ərzində fərqləndiklərinə görə Mirəziz Seyidov, Cavid Əsgərov, İsmayıl Allahverdiyev və Abbas Məmmədov nominasiya qalibləri kimi mükafatlandırılıblar.
Sonra isə ilk üç yerin sahibi olan komandaların üzvlərinə diplom və medallar, qalib komandaya isə "Heydər Əliyev Kuboku" təqdim olunub.