ORDU
Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi keçiriləcək
Bakı, 4 iyun, AZƏRTAC
Azərbaycan ilə və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iyunun 7-dən 11-dək Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimin sonuncu mərhələsi keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikanın güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələrinin iştirakı ilə keçirilən təlimə 5 minədək şəxsi heyət, 200-dən artıq tank və zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil olunan müxtəlif növ müasir silah və hərbi texnika nümunələri cəlb ediləcək.
Təlimin məqsədi qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və onların birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsinə nail olmaqdır.