Naxçıvanda təhsil işçilərinin sentyabr konfransı keçirilib
Naxçıvan, 8 sentyabr, AZƏRTAC
Sentyabrın 8-də Naxçıvanda təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, konfransda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov 2025-2026-cı tədris ilində təhsil sahəsində həyata keçirilən tədbirlər, yeni tədris ilində qarşıda duran vəzifələr mövzusunda çıxış edərək, mövcud problemlərdən və onların həlli istiqamətində atılan addımlardan söz açıb. Nazir yeni tədris ilinin hədəflərini səsləndirib və tədrisin səviyyəsinin yüksəldilməsi istiqamətində konkret tapşırıqlar verib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, Təhsil Nazirliyi Aparatının Strateji planlaşdırma və daxili nəzarət şöbəsinin Analitik təhlil və statistika şöbəsinin müdiri, Məktəbəqədər və ümumi təhsilin idarə edilməsi şöbəsinin müdiri çıxış ediblər.
Çıxışlarda şagirdlərin bilik və bacarıqlarının artırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, olimpiada və müsabiqələrdə buraxılış və qəbul imtahanlarında şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlar verilib, ötən tədris ilinin nəticələri təhlil olunub.
Konfransda 2025–2026-cı tədris ilində təhsil sahəsində həyata keçirilən tədbirlər, əldə olunan nəticələr və yeni tədris ilində qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb, yeni tədris ilində hədəflər müəyyənləşdirilib.
Sonda yeni tədris ilində qarşıda duran vəzifələri əks etdirən qərar layihəsi iştirakçıların diqqətinə çatdırılıb.
Müxbir - Nail Əsgərov