Nazir: Azərbaycanın ərazi bütövlüyünün tam bərpası xalqımızın tarixində şanlı səhifə kimi qalacaq
Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Heydər Əliyev və yeni Azərbaycan” mövzusunda tədbir keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş rəsm sərgisinə baxış olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanın yeni və müasir dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolundan danışıb. Bildirib ki, Prezident İlham Əliyevin Ümummilli Liderin ideyalarına əsaslanan uzaqgörən siyasəti çoxəsrlik dövlətçilik tariximizin ən parlaq səhifələrindən birinə çevrilib, yeni və daha güclü Azərbaycanın yaranmasının əsasını qoyub.
Sonra elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək bu ilin ölkəmizin tarixində ən şanlı illərdən biri olduğunu vurğulayaraq deyib: “Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi, müstəqilliyinin, suverenliyinin bərpa edilməsi xalqımızın tarixində şanlı səhifə kimi qalacaq. Bu il ərzində Azərbaycanın təhsil müəssisələrində Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar müxtəlif tədbirlər keçirilir. Bu il, həmçinin geniş anlamda Azərbaycan tarixinə yenidən baxış, Ulu Öndərin gəldiyi yol, onun ideyalarının davam etdirilməsi barədə fikir mübadilələri aparılır”.
Tədbir çıxışlarla davam edib.