İQTİSADİYYAT
Nazir: Biz bütün ölkədə yaşıllıqların artırılmasını hədəfləmişik

Bakı, 30 sentyabr, AZƏRTAC
Şəhərdə yaşıllıqların və açıq sahələrin artırılması Bakı şəhərinin Baş Planının layihəsinin prioritet məqsədlərindən biridir. Beynəlxalq meyarlara görə yaşıllaşdırma normaları adambaşına 5-15 kvadratmetr arasında dəyişir. Plan mümkün qədər çox sakinin, əhalinin ən azı 80 faizinin 500 metr məsafədə ictimai yaşıllığa çıxışının əldə edilməsinə yönəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
Nazir bildirib ki, yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq faizi ayrılmış ərazinin minimum 40 faizini, mövcud yaşayış yerləri yenidən qurularkən minimum 25 faizini təşkil etməlidir. Bunun təmin edilməsi mümkün olmadıqda, həmsərhəd və ya yaxın sahələrdə nəzərdə tutulmuş digər layihələr hesabına ümumi yaşıllıq balansı təmin edilməlidir. Bu yanaşma sayəsində Bakı şəhərinin yaşıllıqları xeyli artırılacaq. Həmçinin, Bakı bulvarının uzadılması planlaşdırılır, onun uzunluğu 2040-cı ilə qədər, yüksək keyfiyyətli ictimai yaşıllaşdırma ilə 25 kilometrdən çox olacaq.
Ölkə ərazisində mövcud yaşıllıqların qorunub mühafizə edilməsi, yeni yaşıllıq sahələrinin salınması ekoloji baxımdan mühüm əhəmiyyət daşıyır. Xüsusilə, yaşıllıqların qorunması və artırılması, çətin torpaq-iqlim şəraiti, iri sənaye obyektlərinin cəmləşməsi, əhalinin sıx məskunlaşması baxımından digər regionlardan kəskin fərqlənən Abşeron yarımadasında daha çox önəmlidir.
Abşeron yarımadasında yaşıllıq sahələrinin real vəziyyətinin qiymətləndirilməsi, uçotunun aparılması və dəqiqləşdirilməsi məqsədilə inventarizasiya işləri aparılıb və ayrı-ayrı yaşıllıq massivlərinin xəritələri hazırlanıb.
"İnventarizasiya zamanı müəyyən olunub ki, Abşeron yarımadasında yaşıllıq sahələri 21 min hektara yaxındır. Bu göstərici ərazinin cəmi 5 faiz təşkil edir. 2024-2028 illər ərzində əlavə 6 min hektardan artıq ərazidə yeni yaşıllaqların salınması nəzərdə tutulur.
Biz bütün ölkədə yaşıllıqların artırılmasını hədəfləmişik. Bu işdə çoxlu tərəfdaş qazanmışıq. Dövlət qurumları, yerli özünüidarəetmə orqanları, özəl təşkilatlar, vətəndaş cəmiyyəti, gənclərlə birgə ölkənin müxtəlif regionlarında geniş ağacəkmə kampaniyaları həyata keçiririk. Məqsədimiz tək yaşıllıq sahələrinin artırılması deyil, həmçinin ağac əkilməsini təşviq etmək, ətraf mühitin mühafizəsi, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirilməyə töhfə verməkdir. Bütün ictimaiyyəti, ətraf mühit naminə görülən bu tədbirlərdə aktiv iştiraka dəvət edirik", - deyə nazir bildirib.