İQTİSADİYYAT
Nazir müavini: 6-cı maddə COP üçün ən önəmli məsələlərdəndir
Bakı, 3 oktyabr, AZƏRTAC
Bəzən karbon bazarları və qiymətlərlə bağlı birtərəfli addımlar atılır ki, bu da müəyyən problemlər yarada bilər. Çünki birtərəfli addımlar təsirin yumşaldılması baxımından qısamüddətli kömək etsə də, amma digər ölkələr üçün sual yarada bilər.
AZƏRTAC xəbər verir ki, bunu energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Karbon emissiyalarının azaldılması və bazar mexanizmləri” mövzusunda dəyirmi masada deyib.
“6-cı maddə COP üçün ən önəmli məsələlərdəndir, çünki burada iqlim maliyyələşməsindən söhbət gedir. Ən səmərəli yol karbon emissiyalarını azaltmaqdır. Düşünürük ki, uyğunlaşma təsirin azaldılması üçün də önəmlidir. Çünki karbon və istixana qazlarının emissiyalarını aradan qaldırmasaq, problemlər dərinləşəcək. Azərbaycanda karbon, istixana qazları emissiyalarının azaldılması kontekstində müəyyən tədbirlər həyata keçirilir. Hazırda 6-cı maddə ilə bağlı danışıqlar aparılır. Bununla bağlı daha çox tənzimləyici və qanunvericilik bazasını qurmağa davam edir, texniki infrastrukturu yaradırıq. Çünki bu iki məsələ təmin etmək istədiyimiz keyfiyyət üçün vacibdir. Qanunvericilik bazası prinsipcə hazırdır. İqtisadiyyat Nazirliyi də bu istiqamətdə çox ciddi iştirakçıdır, kreativdir, prosesə töhfə verir. İnfrastruktur baxımından müəyyən sistemlər mövcuddur. 6-cı maddə ilə bağlı hər kəsin dəstəyinə ehtiyac var”, - deyə COP29-un baş icraçı direktoru vurğulayıb.