Nazir PISA 2025-də oxu savadlılığı üzrə nəticələr barədə məlumat verib VİDEO
Bakı, 8 sentyabr, AZƏRTAC
PISA 2025 – Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramı çərçivəsində oxu savadlılığı üzrə göstəricilərdə Bakı şəhəri 56-cı, Azərbaycan isə 71-ci sırada qərarlaşıb.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025-in nəticələri ilə bağlı tədbirdə söyləyib. Nazir bildirib ki, oxu savadlılığı üzrə qiymətləndirmədə yer alan 91 ölkə və regiondan 13-ü əvvəlki tədqiqat dövründə iştirak etməyib. Ümumi nəticələrə əsasən, 19 ölkədə göstəricilər yaxşılaşıb, 58 ölkədə isə nəticələr aşağı düşüb.
Təhlillər zamanı ölkəmizdə oxu savadlılığı ilə bağlı kifayət qədər ciddi problemin olduğu vurğulanıb. Emin Əmrullayev bildirib ki, hər üç şagirddən ikisi mətnləri oxusa da, oxuduğunu yetərincə anlaya və başa düşə bilmir. Diqqətə çatdırılıb ki, oxuduğunu anlamaqda çətinlik çəkən insan, eyni zamanda, eşitdiyini tam dərk etməkdə çətinlik çəkir və bu məsələ təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əsas amillərdən biridir.
Qeyd edək ki, oxu savadlılığı PISA tədqiqatının əsas istiqamətlərindən biridir və şagirdlərin mətnləri anlama, təhlil etmə və gündəlik həyatda tətbiq etmə bacarıqlarını qiymətləndirir.