Nazir: Ticarət balansında kəsir problemi Türkiyə gündəmini tərk edir
Ankara, 12 iyul, AZƏRTAC
Ticarət balansında kəsir problemi artıq Türkiyə gündəmini tərk edir, iqtisadiyyata inam artır, bazarın sabitliyi möhkəmlənir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xəzinədarlıq və Maliyyə naziri Mehmet Şimşekin iyulun 12-də sosial şəbəkələrdə yaydığı məlumatda bildirilir.
Maliyyə naziri xarici borcun Türkiyənin ÜDM-sinə nisbətinin azalmasına və ölkənin maliyyə ehtiyatlarının artmasına diqqət çəkib.
“Bu ilin may ayının yekunlarına görə, Türkiyənin ticarət balansının kəsiri 25,2 milyard dollar təşkil edib ki, bu da 2022-ci ilin iyun ayından bəri ən aşağı göstəricidir”, - deyə o bildirib.
Nazir qeyd edib ki, Türkiyə hökuməti ilin ikinci rübündə ölkənin ticarət kəsirinin ÜDM-in 2,5 faizinə qədər azalacağını gözləyir.
“Struktur islahatları Türkiyə iqtisadiyyatı üçün məqbul göstəricilərə nail olmağa imkan verəcək. Beləliklə, uzunmüddətli əsaslarla ölkənin xarici maliyyələşmə ehtiyacları azalacaq”, - deyə türkiyəli nazir bildirib.
M.Şimşek, xarici investorların Türkiyəyə diqqətinin artdığını da vurğulayıb.
“Təkcə 2024-cü ilin ilk beş ayında Türkiyə iqtisadiyyatına 19,1 milyard dollar xarici sərmayə qoyulub”, - deyə Maliyyə Nazirliyinin rəhbəri qeyd edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara