Nazirlik rəsmisi: “Məktəblinin dostu” zorakılıq halları ilə mübarizədə əsas mexanizmlərdən biridir
Bakı, 28 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaqların Müdafiəsi İdarəsi məktəblərdə zorakılıq halları ilə mübarizə və uşaqların hüquqlarının qorunması istiqamətində tədbirlər həyata keçirir. Bu sahədə əsas mexanizmlərdən biri “Məktəblinin dostu” layihəsidir. Şagirdlər və ailələr bu layihə vasitəsilə zorakılıq halları barədə məlumat verə bilirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Suraxanı Rayon İcra Hakimiyyətinin təşkil etdiyi “Təhlükəsiz həyatın qurulmasında icma liderlərinin rolu: Suraxanıda yeni sosial yanaşma” mövzusunda keçirilən tədbirdə söyləyib. O bildirib ki, Elm və Təhsil Nazirliyi məktəblərdə sosial işçilərin və psixoloqların fəaliyyətini genişləndirir, uşaqların hüquqlarının qorunmasını və onların psixoloji rifahını təmin edir. Nazirlik, həmçinin məktəblərdə müxtəlif təhsil müəssisələrindən gələn uşaqlar arasında zorakılıq hallarının aşkarlanması üçün operativ və effektiv mexanizmlər qurub.