NAZİRLİK TƏDBİRLƏR PLANI HAZIRLAMIŞDIR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, sənədə əsasən regionlarda, xüsusilə kənd rayonlarında 200 nömrədən çox tutumu olan ATS-lərin fasiləsiz işləməsi, elektronlaşdırılması və mərkəzdən idarə edilməsi təmin olunacaqdır. Eyni zamanda Şamaxı-İsmayıllı-Qəbələ-Oğuz, Bərdə-Ağcabədi, Bərdə-Tərtər, Salyan-Əli Bayramlı-Hacıqabul, Əli Bayramlı-Sabirabad-Saatlı, Salyan-Neftçala fiber-optik kabel magistrallarının inşası, beş rayon mərkəzində İnternet provayderin, bir rayonda ehtiyat yerüstü peyk stansiyasının yaradılması nəzərdə tutulmuşdur. Bundan əlavə, televiziya və radio proqramlarının yayım keyfiyyətini daha da yaxşılaşdırmaq üçün müasir tipli stansiya və ötürücülər istismara veriləcək bütün poçt şöbələri və filialları kompüterləşdiriləcəkdir.
Tədbirlər planında, həmçinin rabitə xidmətləri sahəsində çevik tarif siyasətinin aparılması, işğaldan azad olunacaq rayonlarda rabitə xidmətlərinin bərpası, yeni iş yerlərinin açılması və sair məsələlər öz əksini tapmışdır.