NDU-nun tələbələri Dövlət Vergi Xidmətində istehsalat təcrübəsi keçirlər
Naxçıvan, 21 dekabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələri Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətində istehsalat təcrübəsi keçirlər.
Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təcrübə zamanı xidmətin əməkdaşı İsmayıl Bağırov Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması baxımından böyük əhəmiyyət kəsb etdiyini deyib.
Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Əşrəf Ələkbərov keçirilən istehsalat təcrübəsinin əhəmiyyəti ilə bağlı qeyd edib ki, tələbələrin əldə etdikləri nəzəri biliklərin praktika ilə uyğunlaşdırılması öz səmərəsini verməkdədir.
Xidmətin əməkdaşı Rəsul Ələkbərov hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında geniş məlumat verərək nəzərə çatdırıb ki, Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Həmçinin keçirilən təcrübə dərslərində tələbələrə Dövlət Vergi Xidmətinin iş prinsipi, verginin muxtar respublika iqtisadiyyatındakı rolu, vergi dərəcələri və vergi nəzarəti tədbirləri haqqında geniş məlumlar verilir. Tələbələr Xidmətin müvafiq şöbələrinin və bölmələrinin fəaliyyət istiqamətləri tanış edilib, həm praktiki biliklərini artırıb, həm də vergi ödəyicilərinə və vətəndaşlara onlayn şəkildə göstərilən elektron xidmətlərlərin üstünlüklərini öyrəniblər.