SİYASƏT
NEFT AKADEMİYASINDA MBA PROQRAMI ÜZRƏ NÖVBƏTİ BURAXILIŞ
Martın 19-da Azərbaycan Dövlət Neft Akademiyasında MBA (biznesin idarə edilməsi) proqramı üzrə kursları bitirmiş magistrlərin növbəti buraxılışı olmuşdur. Proqram bu ali məktəbdə ABŞ dövlət departamentinin yardımı ilə Amerikanın Corciya Dövlət Universiteti ilə birlikdə üç ildir həyata keçirilir.
ADNA-nın rektoru, Milli Elmlər Akademiyasının müxbir üzvü Siyavuş Qarayev diplomların təqdim edilməsi mərasimində bildirdi ki, ötən il mağistrlərin ilk buraxılışı olmuş, bu il isə 13 diplom, o cümlədən üç fərqlənmə diplomu verilir.
Rektor dedi ki, ölkəmizin bazar iqtisadiyyatı yoluna keçməsi ilə əlaqədar biznes sahəsində yüksək ixtisaslı mütəxəssislərə tələbat artdığından bu proqramın gerçəkləşdirilməsinin böyük əhəmiyyəti var. Biznesin idarə edilməsi proqramı üzrə təlim dünyanın bir çox aparıcı ölkələrində geniş yayılmışdır.
Siyavuş Qarayev məzunlara xeyir-dua verərək, Azərbaycan Prezidenti Heydər Əliyevin gənclər forumunda dediyi bu sözləri xatırladı: “Hər bir gənc azərbaycanlı öz həyat yolunu müstəqil Azərbaycanın gələcək inkişafı ilə uyğunlaşdırmalıdır. Bu, sizin vəzifənizdir və hesab edirəm ki, Azərbaycanın hər bir gənci bu öhdəliyi ləyaqətlə yerinə yetirməyə çalışacaqdır”.
ABŞ-ın Bakıdakı səfiri Ross Uilson magistrləri kursları bitirmələri münasibətilə təbrik edərək vurğuladı ki, iki ölkə universitetlərinin birgə proqramının dövlət departamentinin yardımı ilə həyata keçirilməsi ABŞ ilə Azərbaycan arasında yaxşı münasibətlər olduğuna sübutdur.
Təhsil naziri Misir Mərdanov dedi ki, respublikamızda digər sahələrdə olduğu kimi, təhsil sistemində də islahatlar aparılır, lakin təhsil sahəsində islahatlar bir çox illər üçün nəzərdə tutulmuşdur. Nazirliyin nümayəndə heyətinin Corciya Universitetində olmasından dörd il ötmüşdür, iki ali məktəb arasında əməkdaşlığın bünövrəsi də məhz orada qoyulmuşdur. Bu, tərəfdaşlıq əlaqələrinin yaradılmasında ilk və uğurlu addım olmuşdur. Nazir bildirdi ki, proqramın həyata keçirilməsinin böyük əhəmiyyəti var və bu, ölkənin başqa ali məktəbləri üçün nümunəyə çevrilməlidir.
Sonra Corciya Universitetinin prorektoru Finvik Hass, Amerika tərəfinin rəhbəri Bican Fəzlüllahi məzunları təbrik etdilər.
Magistrlər adından Solmaz Hüseynova və Nazim Hacıyev çıxış etdilər.
Mərasimin sonunda məzunlara kursları bitirmələri haqqında diplomlar təqdim olundu.