İQTİSADİYYAT
Neft hasilatçısı ölkələr qlobal bazarlarda sabitlik üzrə əlavə tədbirləri müzakirə ediblər
![Neft hasilatçısı ölkələr qlobal bazarlarda sabitlik üzrə əlavə tədbirləri müzakirə ediblər](/files/2023/3/1200x630/16964913031894941959_1200x630.jpg)
Bakı, 5 oktyabr, AZƏRTAC
Vyanada OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (BMK) videokonfrans vasitəsilə 50-ci iclası keçirilib.
AZƏRTAC OPEC-in mətbuat açıqlamasına istinadla xəbər verir ki, nazirlər 2023-cü ilin iyul və avqust ayları üçün xam neft hasilatı üzrə məlumatları nəzərdən keçirib və Əməkdaşlıq Bəyannaməsinə (DoC) üzv olan OPEC və qeyri-OPEC ölkələri üçün ümumi strategiyanı müəyyən ediblər. Komitə bütün iştirakçı ölkələri qlobal neft bazarlarında sabitliyin təmin edilməsi üzrə ortaq plana və kompensasiya mexanizminə əməl etməyə çağırıb.
Komitə üzv ölkələrin 4 iyun 2023-cü il tarixində OPEC və qeyri-OPEC Nazirlərinin 35-ci Toplantısında (ONOMM) razılaşdırıldığı kimi, 2024-cü ilin sonuna qədər davam edəcək DoC sənədinə sadiqliyini bir daha təsdiqləyib. BMK-nin aylıq əlavə iclaslar keçirmək və ya OPEC və qeyri-OPEC Nazirlərinin son toplantılarında razılaşdırıldığı kimi, OPEC və qeyri-OPEC ölkələri nazirlərinin təcili görüşünü tələb etmək səlahiyyəti bir daha təsdiq olunub.
İclasda qeyd olunub ki, Birgə Monitorinq Komitəsi neft hasil edən OPEC və iştirakçı qeyri-OPEC ölkələrinin güclü birliyinə əsaslanaraq, DoC üzvlərinin qlobal neft bazarında yaranan problemləri həll etmək və istənilən vaxt əlavə tədbirlər görməyə hazır olmaq üzrə səylərini təqdir edib. Qeyd olunub ki, bazarda tələbatın operativ şəkildə qiymətləndirilməsi prosesi davam edəcək. Komitə, həmçinin Səudiyyə Ərəbistanı Krallığının qlobal neft bazarlarının sabitliyini dəstəkləməyə yönəlmiş səylərini bəyənib və ona tam dəstəyini ifadə edib, Krallığın neft hasilatını könüllü olaraq sutkada əlavə 1 milyon barel azaltması və bu müddətin cari ilin sonunadək uzadılması qərarı qlobal bazarlarda sabitlik baxımından mühüm addım hesab edilib. Komitə, həmçinin Rusiya Federasiyasını neft ixracını əlavə azaltması qərarını da alqışlayıb.
BMK-nin növbəti - 51-ci iclası 2023-cü il noyabrın 26-da keçiriləcək.