Neft hasilatının azalması icmal büdcənin gəlirlərinə mənfi təsir göstərə bilər
Bakı, 21 dekabr, AZƏRTAC
Xam neft hasilatının azalması icmal büdcənin gəlirlərinə mənfi təsir göstərə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsində deyilir.
Bildirilir ki, 2020-ci ildə “OPEC+” ölkələri arasında xam neft hasilatının əhəmiyyətli dərəcədə azaldılması ilə bağlı sazişin əldə olunması və son aylarda COVID-19 infeksiyasına qarşı uğurlu peyvənd sınaqları xam neft qiymətlərinin artımına öz müsbət təsirini göstərməkdədir. Cari ilin ilk 9 ayında Azərbaycan Respublikasında neft və qaz sektoru üzrə yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisinin 30,2 faiz, dövlət büdcəsi gəlirlərində payının 54,6 faiz və ölkənin ixracında payının 87,2 faiz olduğunu nəzərə alaraq neft qiymətlərinin dəyişməsinin makroiqtisadi və fiskal göstəricilərə təsiri qaçınılmazdır. Bu baxımdan dövlət büdcəsinin tərtibi zamanı dövlət büdcəsinə edilən transfertin həcminin xarici valyutada deyil, manat ifadəsində müəyyən olunması qlobal əmtəə bazarlarında yaranmış neft qiymətləri üzrə volatilliyin dövlət büdcəsinə birbaşa təsirinin azalmasına xidmət edir. Beləliklə, dövlət büdcəsinin neft gəlirlərinin mühüm komponenti olan Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin həcmi neftin qiymətindən və valyuta məzənnəsindən asılı deyildir. Bununla belə, neft qiymətlərinin aşağı düşməsi Dövlət Neft Fondunun gəlirlərini azaltmaqla aktivlərinin daha sürətlə tükənməsinə gətirib çıxara bilər. Neftin qiymətlərində müşahidə olunan mənfi dinamikanın dövlət büdcəsinə birbaşa təsiri isə SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin dövlət büdcəsinə ödədiyi vergilərdəki azalmaların hesabına baş verir.
2021-ci il üçün büdcə gəlirlərinin hesablanması zamanı 40 ABŞ dolları səviyyəsində nəzərdə tutulan neftin bir barrelinin satış qiyməti 35 dollara enərsə, neftin qiymətindəki azalmanın dolayı yolla qeyri-neft sektoruna təsirləri nəticəsində dövlət büdcəsinin qeyri-neft gəlirləri üzrə 0,5 faiz olmaqla, ümumilikdə dövlət büdcəsinin gəlirlərində proqnozla müqayisədə 1,3 faiz azalma ola bilər. Xam neft hasilatının azalması (o cümlədən “OPEC+” ölkələri tərəfindən qəbul ediləcək qərara uyğun olaraq) icmal büdcənin gəlirlərinə mənfi təsir göstərə bilər.