Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları “Elm günü” ilə bağlı mükafatlandırılıb
Bakı, 27 mart, AZƏRTAC
Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə ölkəmizdə “Elm günü” təsis edilib. Həmin Sərəncama əsasən, hər il martın 27-si ölkəmizdə “Elm günü” kimi qeyd olunması qərara alınıb. Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) iclas keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev elmi ictimaiyyətin nümayəndələrini təbrik edib, bu tarixin həm də ölkə üçün əlamətdar bir vaxta - AMEA-nın təsis olunduğu günə təsadüf etdiyini söyləyib.
Akademik “Elm günü” ilə bağlı tədbirlər planına əsasən, Azərbaycanda kimya elminin inkişafındakı xidmətlərini nəzərə alaraq NKPİ-nin on əməkdaşını AMEA Kimya Elmləri Bölməsinin fəxri fərmanı ilə təltif edib.