İQTİSADİYYAT
NEFT KİMYASI ÜZRƏ BAKI BEYNƏLXALQ MƏMMƏDƏLİYEV KONFRANSI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Sentyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasında neft kimyası üzrə V Bakı Beynəlxalq Məmmədəliyev Konfransı öz işinə başlamışdır.
AMEA, Neft Kimyası Prosesləri İnstitutu, İranın Azad İslam Universiteti Tehran Mərkəzi Bölməsi, Azərbaycan Dövlət Neft Şirkəti və “Azərkimya” Dövlət Konsern tərəfindən təşkil olunmuş konfransda dünyanın bir sıra ölkələrini - Almaniya, Türkiyə, İran, Rusiya, Gürcüstan və s. təmsil edən 300-dən çox alim və mütəxəssis iştirak edir.
Konfransı giriş sözü ilə Neft Kimyası Prosesləri İnstitutunun direktoru akademik Musa Rüstəmov açdı.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov alimlərimizin, o cümlədən kimyaçılarımızın dünya elminə töhfələrindən danışdı, dövlətin, şəxsən Prezident Heydər Əliyevin elmə daim böyük qayğı və diqqət göstərdiyini vurğuladı.
İran İslam Respublikasının Azərbaycandakı Mədəniyyət mərkəzinin başçısı S.Ocaqnecat, İslam Azad Universiteti Tehran Mərkəzi Bölməsinin prezidenti, professor Kərim Zare, Gürcüstan EA Fiziki və Üzvi Kimya İnstitutunun direktoru, akademik T.Andronikaşvili, İranın Bakıdakı səfirinin müavini İ.Cəlali konfrans iştirakçılarını təbrik etdilər və onlara uğurlar arzuladılar.
BDU-nun rektoru, AMEA-nın müxbir üzvü A.Məhərrəmovun “Yeni siklododekan törəmələrinin sintezi və rengenstruktur tədqiqi”, Azad İslam Universiteti Mərkəzi Tehran Bölməsinin prezidenti, professor Kərim Zare “Amin karboksilat liqandların bəzi keçid metalları ilə termodinamik və kinetik tədqiqi”, AMEA-nın müxbir üzvü, Neft Kimyası Prosesləri İnstitutunun laboratoriya müdiri Fəzilə Səmədova “Yağların istehsal proseslərinin təkmilləşdirilməsi yolları” mövzusunda geniş məruzələri dinlənildi.
Sonra tədbir iştirakçıları akademik Y.Məmmədəliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdilər.
Konfrans sentyabrın 6-da başa çatacaqdır.