Neftçalada şəhid Fərid Əsgərovun ailəsi ziyarət edilib
Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də Neftçala şəhərində şəhid Fərid Əsgərovun doğum günü ilə bağlı vətəndaş cəmiyyəti qurumlarının rəhbərləri və ziyalılar şəhidin ailəsini ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində müasir Azərbaycan Ordusunun qüdrətinin daha da artdığını bildirib, Vətən torpaqlarının azadlığa qovuşmasında şəhidlərimizin və qazilərimizin mühüm rolundan bəhs edib.
Mərasimdə Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov, “Əsgərə xatirə kitabı” layihəsinin müəllifi, Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar elmlər liseyinin direktor müavini Nuranə Şıxəliyeva, şairə-publisist Zərəngiz Dəmirçi Qayalı çıxışlarında bildiriblər ki, Vətən müharibəsində igidlik göstərən hər bir azərbaycanlı qəhrəmandır. Bu cür qəhrəmanlar yetişdirən xalqa heç bir düşmən bata bilməz. Şəhidlərimizin, qazilərimizin döyüş yolu gənclərimiz üçün nümunədir.
Bildirilib ki, tarixi qələbəmizin qazanılmasında şücaət və qəhrəmanlıq göstərən qazilərimizlə görüşlərin böyük əhəmiyyəti var. Bu görüşlərin gənc nəslin vətənpərvərlik tərbiyəsində xüsusi rolu danılmazdır.
Görüşdə iştirak edən qazi mayor İlham Tanrıverdiyev çıxışında Vətən müharibəsi dövründə xalqımızın ordumuza dəstəyinin, inamının onların mübarizə gücünü daha da artırdığını, qələbəyə ruhlandırdığını bildirib. Azad olunan torpaqların indi gənclərə əmanət olduğunu vurğulayan qazi onlara Vətəni daima uca tutmağı tövsiyə edib.
Tədbir iştirakçıları şəhid Əsgərov Fərid Ərəstun oğlunun döyüş yolunu əks etdirən fotosərgini ziyarət ediblər. Şəhidin xatirəsinə ehtiramlarını bildirən görüş iştirakçıları ailəsinə başsağlığı veriblər.
Diqqətə çatdırılıb ki, Şəhid Fərid Ərəstun oğlu Əsgərov 1996-cı il mayın 21-də Neftçala rayonunun Qaçaqkənd kəndində hərbçi ailəsində anadan olub. 2012-ci ildə Lənkəran şəhər 6 nömrəli liseyi bitirib, 2013-2017-ci illərdə Lənkəran Dövlət Universitetinin İngilis dili fakültəsində təhsil alıb. 2017-ci və 2018-ci illərdə Beyləqan ərazisində N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. Hərbi xidmətdən sonra Bakıda mühafizə idarəsində çalışıb. O, 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılıb, oktyabrın 3-də cəbhəyə yollanıb. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edərək igidliklər göstərib. Noyabrın 4-də Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Mərasimin sonunda şəhidin atası Ərəstun Əsgərov oğlunun xatirəsinə göstərilən qayğıya görə dövlət başçısına təşəkkürünü bildirib.