“Neftçi” futbol klubuna kubok təqdim olunub
Bakı, 24 yanvar, AZƏRTAC
Yanvarın 24-də AFFA və Peşəkar Futbol Liqasının birgə təşkilatçılığı ilə ilk dəfə keçirilən “CBC Sport Kuboku” turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Bayıl stadionunda turnirin son oyununda “Şərurspor” və MOİK komandaları qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən MOİK-in qollarını Rəfael Qəvami, Pərvin Paşayev və Fərid Kərimzadə vurublar.
Dörd oyundan 10 xal toplayan “Neftçi” “CBC Sport Kuboku”nun qalibi olub.
Turnirin son oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov və Vaqif Sadıqov, həmçinin “CBC Sport” televiziya kanalının baş direktoru Volkan Ust kuboku “Neftçi”nin kapitanı Araz Abdullayevə təqdim ediblər.