İDMAN
“Neftçi”nin legioneri: “Sumqayıt”la cavab oyununa daha ciddi hazırlaşacağıq - MÜSAHİBƏ
Bakı, 2 fevral, AZƏRTAC
“Neftçi” klubunun belaruslu hücumçusu Yeqor Boqomolski AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
- Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk matçında səfərdə "Sumqayıt"ı 3:2 hesabı ilə məğlub etdiniz. Oyunu necə şərh edərdiniz?
- Görüş bizim üçün yaxşı keçdi. Xüsusilə də birinci hissə keyfiyyətli alındı. Hesabda 3 top fərqi ilə öndə idik. Bu üstünlüyümüzü qoruya bilsəydik, daha yaxşı olardı. Amma əsas odur ki, qələbə qazandıq. Cavab görüşünə daha ciddi hazırlaşacağıq.
- Bu mövsüm "Neftçi"nin heyətində ikinci qolunuzu vurdunuz. Öz oyununuzu necə qiymətləndirərdiniz?
- Əlbəttə, daha çox fərqlənmək və komandaya fayda vermək istəyirəm. Öz üzərimdə həvəslə işləyirəm. İnanıram ki, bunun nəticəsini görəcəyəm.
- Səfərdə qalib gəlməklə üstünlük qazandınız. Sizcə, növbəti mərhələyə çıxmaq şansınız neçə faizdir?
- İlk oyunda qələbə qazansaq da, hər şey cavab matçında həll olunacaq. Doğma meydandakı görüşə yaxşı hazırlaşıb azarkeşlərimizi sevindirmək istəyirik.
- “Neftçi” 10 gün ərzində “Sumqayıt”la 3 dəfə qarşılaşmalı olacaq. Bu barədə nə deyə bilərsiniz?
- Bəli. Əslində, karyeramda ilk dəfədir ki, bir rəqiblə ardıcıl bu qədər matç keçirirəm (gülür).
- Komandanız hazırda Premyer Liqanın turnir cədvəlində ikinci yerdə qərarlaşıb. Lider “Qarabağ”la 15 xallıq fərqi aradan qaldırmaq mümkün olacaq?
- Ötən mövsümdən fərqli olaraq, bu il turnir cədvəlində komandaların xalları bir-birinə yaxındır. Bir qələbə ilə yuxarı, bir məğlubiyyətlə aşağı pilləyə yuvarlanmaq olur. Ona görə də addım-addım irəliləyirik. Hər matçdan qələbə ilə ayrılmağa çalışırıq.
- Azərbaycanda ikinci mövsümünüzü keçirirsiniz. Ölkəmiz haqqında təəssüratlarınız necədir?
- Bakı şəhərinin havasını, insanlarını sevirəm. Mənə burada çox isti münasibət göstərirlər. Azərbaycanda yaşamaq zövq verir.