Nərimanov rayonunda ağacəkmə kampaniyası keçirilib
Bakı, 15 mart, AZƏRTAC
Martın 15-də Nərimanov rayonu ərazisindəki 15 hektarlıq yaşıllıq zolağında ağacəkmə kampaniyası keçirilib. Kampaniya Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə ekoloji tarazlığın qorunması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq IDEA İctimai Birliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində reallaşıb.
Məqsəd yaşıllıq zolağını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.
Novruz bayramı ərəfəsində rayon icra hakimiyyəti başçısının yanında şura üzvləri, Milli Məclisin deputatları, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri, könüllülər, fəal gənclər daxil olmaqla ümumilikdə 2500-dək insanın qatıldığı iməcilikdə ətraf ərazi məişət tullantılarından təmizlənib, burada mövcud olan yaşıllıq sulanıb, ərazidə 250-si İtaliyadan gətirilmiş Leylandra ağacı olmaqla 1000-ə qədər müxtəlif növ ağac və kol əkilib. Həmin ərazidə mütəmadi olaraq abadlıq işləri aparılır, ekoloji tələblərə uyğun yaşıllığa aqrotexniki qulluq göstərilir, eyni zamanda, dekorativ ağac və kollar əkilərək qeyd edilən yaşıllıq zolağının paytaxtın dilbər guşəsinə çevrilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması naminə həyata keçirilən belə aksiyaların gələcəkdə miqyasının genişləndirilərək daha böyük ərazini əhatə etməsi nəzərdə tutulub.