Nərimanov rayonunda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 17 dekabr, AZƏRTAC
Nərimanov rayonunda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə dekabrın 13-nə keçən gecə rayon ərazisində Bakı şəhər sakini V.Almazlıya məxsus “VAZ-21011” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Rayon polis idarəsinin 17-ci və Ağsu rayon polis şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Ağsu şəhəri ərazisində aşkarlanıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakini R.Səlimov polis əməkdaşları tərəfindən saxlanılıb, digər bir nəfər isə müəyyənləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.