Nəsli kəsilməkdə olan heyvanlar əsasən məməlilər və yırtıcılardır
Bakı, 3 mart, AZƏRTAC
Hazırda əsasən məməli heyvanların və yırtıcıların nəsli kəsilməkdədir. Bu, onların vaxtilə ov obyekti olmaları ilə əlaqədardır.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Vəhşi Təbiəti Müdafiə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində Ümumdünya Vəhşi Təbiət Günü ilə bağlı yayımlanan “Ekspert saatı”nda deyib.
Onun sözlərinə görə, Azərbaycanın birinci nəşr “Qırmızı kitab”ına məməlilərin 14, ikinci nəşrinə isə 43 növü salınıb. Bu, onu göstərir ki, məməlilərin sayı hansı sürətlə azalıb: “İri məməlilərdən nəsli kəsilməkdə olan bəbirin bərpası aparılır, lakin sayı azdır. Ən böyük yırtıcı ayıdır. Onun sayını bərpa olmuş kimi hesab etmək olar, yəni ki, təhlükə həddində deyil. Ayı “Qırmızı kitab”ın ikinci nəşrinə salınsa da, adı üçüncü nəşrdən çıxarılıb. Bundan başqa, daha təhlükədə hesab olunan növ zolaqlı kaftardır. Keçən əsrin ortalarında demək olar ki, onun nəsli azalıb və çox nadir hallarda rast gəlinir. Sonuncu fərdinə ötən əsrin ikinci yarısında rast gəlinib. Ondan sonra müşahidə olunmasına dair ciddi məlumat yoxdur.
Ceyranın sayı azalmışdısa da bərpa olunmağa doğru gedir. Hətta onun tarixi arealını da bərpa edirik. Təəssüf ki, maralla cüyürü də “Qırmızı kitab”a salmışıq. Bezoar keçilərinin sayı az olsa da bərpa olunub. Muflonlar da sayı bərpa olunanlar sırasındadır. Məsələn 2000-ci illərin əvvəllərində 150-200 baş müşahidə olunurdusa, son müşahidələrə görə 1000 başa qədər qeydə alınıb”.