SİYASƏT
NİDERLAND KRALLIĞINDA YAŞAYAN SOYDAŞLARIMIZ AZƏRBAYCANI DƏSTƏKLƏYƏCƏK DEPUTATLARA SƏS VERƏCƏKLƏR
Paris, 11 dekabr (AZƏRTAC). Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AZƏRTAC-ın xüsusi müxbirnə bildirmişlər ki, 2010-cu il mart ayında Niderlandda parlamentə seçkilər keçiriləcəkdir. Artıq seçki kampaniyasına start verilmişdir. Ölkədəki Azərbaycan diasporu hüquqi baxımdan bu seçkilərdə öz namizədini irəli sürə bilməsə də, etnik qrup kimi seçkilərə hazırlıq kampaniyasında siyasi fəallıq nümayiş etdirir.
Ölkədə fəaliyyət göstərən müxtəlif partiyalar etnik qrupların, o cümlədən Azərbaycan diasporunun səsini qazanmaq üçün onların fəal üzvləri ilə görüşlər keçirirlər.
Bu məqsədlə paytaxt Amsterdam meriyasında ölkənin nüfuzlu İşçi Partiyasının (PVD) tanınmış simalarından biri olan Freek Osselinin müavini Laila Frank BAK-ın fəxri sədri Sahil Qasımovla görüşmüşdür. L.Frank son vaxtlar Niderland Krallığı ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişaf etdiyini xatırlatmış, Azərbaycanın Cənubi Qafqazda lider dövlət olduğunu bildirmiş, seçkilər zamanı ölkədə yaşayan azərbaycanlıların onların partiyasından göstərilmiş namizədlərə səs vermələrinə ehtiyacı olduqlarını diqqətə çatdırmışdır.
Sahil Qasımov etnik qrup kimi azərbaycanlıların Niderland Krallığının siyasi həyatında, o cümlədən seçki prosesində xüsusi fəallıq göstərdiklərini, üzvlərin siyasi partiyaların təmsilçiləri ilə görüşlərdə Azərbaycan həqiqətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, ölkəmizin sülhsevər siyasəti barədə ətraflı məlumat verdiklərini qeyd etmişdir.
S.Qasımov Niderlandda on mindən artıq azərbaycanlının yaşadığını, böyük siyasi qüvvəyə malik olduğunu bildirmiş və Azərbaycanın, həmçinin diasporumuzun maraqlarını müdafiə edəcək namizədlərə səs verəcəklərini bəyan etmişdir.
Görüşün sonunda Laila Frank Azərbaycan diasporunun üzvlərini parlament seçkiləri ilə bağlı diskussiyaya dəvət etmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris