Niderlanddakı Azərbaycan diasporunun üzvləri videogörüş keçiriblər
Rotterdam, 1 sentyabr, AZƏRTAC
Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının növbəti onlayn iclası keçirilib. İclas Şuranın 2020-ci ildə diaspor fəaliyyətinə həsr edilib. Tədbirdə diaspor üzvlərimizin gördükləri işlər və onların nəticələri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiriciləri - “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Maisə Ağamirzəyeva və Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyev tərəfindən təşkil olunmuş iclasda Şuraya üzv olan bütün assosiasiyaların rəhbərləri və diaspor üzvləri iştirak ediblər.
İclas iştirakçıları COVID-19 pandemiyasının tüğyan etdiyi bir vaxtda Ermənistan silahlı qüvvələrinin ölkəmizin Tovuz rayonu istiqamətində qəfil hücumu nəticəsində yüksək rütbəli əsgər və zabitlərimizin, dinc sakinin şəhid olmaları haqqında danışaraq, ordumuza dəstək məqsədilə keçirilən aksiyaları müzakirə ediblər. Bu aksiyalar zamanı çatışmazlıqların araşdırılması və belə hallara yol verilməməsi üçün hazırlıqlı olmağın vacibliyi vurğulanıb.
Eyni zamanda, il ərzində görülən digər işlər, layihələr, karantin şəraitində fəaliyyətin məhdudlaşması, onlayn layihələr, Niderlandın siyasi partiyaları ilə keçirilən görüşlər və gələn ilin fəaliyyət planı haqqında geniş məlumat verilib. Təşkilatların birgə həyata keçirə biləcəyi layihələr müzakirə olunub.
Onlayn iclas “Zoom” proqramı vasitəsilə keçirilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Rotterdam