Nigar Arpadarai: Gənclərin incəsənəti iqlimin müzakirəsinə gətirməsi böyük əhəmiyyət daşıyır
Bakı, 2 oktyabr, AZƏRTAC
Bakı İqlim Fəaliyyəti Həftəsi COP29-un irsinin bir parçasıdır. Bildiyiniz kimi, ölkə rəhbərliyinin liderliyi ilə Azərbaycan uzun illərdir beynəlxalq miqyasda mühüm tədbirlər həyata keçirir. COP29 kimi dünyanın ən böyük proseslərindən birinin Azərbaycana həvalə olunması da təsadüfi deyildi. Biz cəmiyyətimizin bütün strukturlarını və aktorlarını bu prosesə cəlb etmək üçün çalışırıq və sədrliyimiz dövründə bu işi davam etdiririk.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, COP29-un iqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai Bakı İqlim Fəaliyyəti Həftəsində Heydər Əliyev Mərkəzində keçirilən “Dayanıqlı Expo: Planet üçün incəsənət və innovasiya” tədbirində səsləndirib.
O bildirib ki, Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində kənd təsərrüfatı, su ehtiyatları, yaşıl bacarıqlar, kiçik və orta sahibkarlıq və digər sahələrə dair müxtəlif panel müzakirələri təşkil olunub. Xüsusilə gənclərin fəallığını yüksək qiymətləndirən Nigar Arpadarai qeyd edib:“Onların incəsənəti iqlim mövzusunun müzakirəsinə gətirməsi böyük əhəmiyyət daşıyır. Çünki incəsənət hər zaman tariximizin, cəmiyyətimizin güzgüsü olub. Bu gün davamlı incəsənətdən danışarkən yalnız ekoloji məsələləri deyil, həm də sosial və elmi mövzulara münasibəti görürük. Gənclərin gələcəyə baxışını incəsənət vasitəsilə ifadə etməsi çox maraqlıdır”.
Nigar Arpadarai Azərbaycan gənclərinin istedadını və enerjisini xüsusi vurğulayaraq, onların beynəlxalq miqyasda uğurlu nümunələr ortaya qoyduğunu xatırladıb. “Bizim gənclər çox istedadlıdır, hər şeydən əvvəl isə böyük entuziazma sahibdirlər. Onların təşəbbüslərini dəstəkləmək bizim əsas prioritetlərimizdəndir. Xüsusi təşəkkürümüzü Leyla Həsənovaya bildiririk. O, bu sahədə əsl liderlik nümayiş etdirir”, – deyə COP29-un yüksəksəviyyəli çempionu əlavə edib.
Nigar Arpadarai yekunda tədbir iştirakçılarını sərgi ilə tanış olmağa dəvət edib və qeyd edib ki, gələcəkdə də iqlim həftələri çərçivəsində incəsənət mövzusu öz yerini qoruyacaq.