“Nine Senses” incəsənət mərkəzində “Həyat dairəsi” sərgisi olacaq
Bakı, 8 sentyabr, Anarə Axundova, AZƏRTAC
“Nine Senses” incəsənət mərkəzində rəssam-kosmoqraf, astropsixoloq Fərhad Sadıxovun “Həyat dairəsi” sərgisi olacaq. Sentyabrın 10-da keçiriləcək bu sərginin iştirakçıları mistik mandal dünyasına səyahət etmək üçün unikal imkan əldə edəcək, həmçinin səs terapiyaları sessiyalarına qatılacaq və sərbəst rəqs təcrübəsini öyrənəcəklər.
Sərginin kuratoru Natalya Jukova AZƏRTAC-a açıqlamasında deyib: “Nine Senses” incəsənət mərkəzi yaradıcılıq və fərdi inkişaf məkanı kimi, bir çox mədəniyyətlər və təlimlərin ənənələrini ehtiva edir. Burada dünya görüşünü genişləndirmək, idrak və bədənlə bağlı təcrübələr qazanmaq olar. Bu səbəbdən “Həyat dairəsi” sərgisi oktyabrın 6-8-də Bakıda keçiriləcək “Nine Senses” beynəlxalq festivalı çərçivəsində ilk tədbir və təməl daşı olacaq. İncəsənət mərkəzində beynəlxalq və azərbaycanlı ekspertlərin iştirakı ilə bədən və ruh praktikaları üzrə təcrübə də keçiriləcək”.
Sərgi saat 18:00-da açılacaq. Eyni zamanda, proqramda başqa tədbirlərin keçirilməsi də nəzərdə tutulur. Belə ki, tamaşaçılara musiqiçi və səs terapevti İlhamə Babayevanın səs hilinq-sessiyası təqdim ediləcək.
Tədbir saat 20:00-da sərbəst rəqs praktikası ilə başa çatacaq.