Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 9-cu Qlobal Foruma tərəfdaşlıq edəcək
Bakı, 10 noyabr, AZƏRTAC
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Mərakeş Krallığı və BMT-nın Sivilizasiyalar Alyansı tərəfindən təşkil olunacaq 9-cu Qlobal Foruma tərəfdaşlıq edəcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, noyabrın 22-23-də Mərakeş Krallığının Fez şəhərində "Sülh Alyansına doğru: Bir bəşəriyyət kimi birgə yaşayış” mövzusunda keçiriləcək 9-cu Qlobal Forumda bir çox dünya liderləri, eləcə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri - Mərkəzin həmsədri və Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç, Gürcüstanın sabiq Prezidenti Qiorqi Marqvelaşvili, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Çexiyanın sabiq Baş naziri Yan Fişer, BMT-nın sabiq prezidentləri Volkan Bozkır və Maria Fernanda Espinoza, sabiq xarici İşlər nazirləri Amre Moussa, Tzipi Livni, Eka Tkeşelaşvili, ICESCO-nun sabiq Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri iştirak edəcəklər.
Sivilizasiyalar Alyansının 9-cu Qlobal Forumu siyasi liderləri, beynəlxalq və regional təşkilatların nümayəndələrini, dini liderləri, özəl sektorun və vətəndaş cəmiyyətinin üzvlərini, elm, incəsənət, idman və media təmsilçilərini bir araya gətirəcək.
9-cu Qlobal Forum zorakı ekstremizmdən tutmuş, hazırkı qlobal kontekstdə bir çox aktual mövzuları həll etmək məqsədi daşıyır.