İQTİSADİYYAT
Nizami rayonunun Əliağa Kürçaylı küçəsi əsaslı təmir olunur
Bakı, 24 iyun, AZƏRTAC
Paytaxtın Nizami rayonunun Əliağa Kürçaylı küçəsinin Şirin Mirzəyev küçəsindən Məmmədəli Şərifli küçəsinə qədər olan hissəsində təmir işləri həyata keçirilir.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu təqribən 600 metrdir. Hazırda burada təmir işləri yekunlaşmaq üzrədir.
Təmir işləri çərçivəsində küçəboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əraziyə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənib. Bu işlərə paralel olaraq küçədə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub. Bununla yanaşı, zəruri yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenisi ilə əvəz edilib.
Anoloji təmir-tikinti işləri rayonun Mikayıl Əliyev küçəsinin Babək prospektinə qədər olan 600 metr uzunluğa malik hissəsində də aparılır.
Qeyd edək ki, cari ildə İnvestisiya Proqramına uyğun olaraq, Nizami rayonu üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6 kilometr təşkil edən küçə və yolun təmiri nəzərdə tutulub.