NORVEÇDƏ XOCALI SOYQIRIMININ 18–Cİ İLDÖNÜMÜ QEYD OLUNACAQDIR
Bakı, 23 fevral (AZƏRTAC). Norveçin Oslo Universitetinin siyasi elmlər fakültəsinin “Sülh və münaqişələrin həlli” proqramının və Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 18-ci ildönümünə həsr edilmiş “Azərbaycan və həll olunmamış Qarabağ münaqişəsi” və “Norveçin regionun inkişafında rolu” mövzusunda “dəyirmi masa” keçiriləcəkdir.
“Dəyirmi masa”da Azərbaycanın İsveçdəki səfiri Rafael İbrahimov, Helsinki Komitəsinin direktor müavini Gunnar M.Ekelöv-Slydal, Norveç Xarici İşlər Nazirliyinin qlobal təhlükəsizlik və MDB ölkələri departamentinin direktor müavini Bord İvar Svendsen, Statiol Norveç neft şirkətinin sosial cavabdehlik şöbəsinin məsləhətçisi Hokon F.Nordanq iştirak edəcəklər.
NAYO-nun sədri Ramil Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə bildirmişdir ki, tədbirdə “Qarabağ münaqişəsi və onun törətdiyi fəsadlar”, “Xocalı soyqırımı -bəşəriyyətin faciəsi” mövzuları ətrafında çıxışlar səslənəcəkdir.
R.Əliyev bildirmişdir ki, Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Belə günlərdə bütün dünyada yaşayan azərbaycanlılar həmrəy olmalı və qətlə yetirilmiş günahsız soydaşlarımızın qatillərinin cəzalandırılması üçün haqq səsini ucaltmalıdırlar. Elə bu məqsədlə də Osloda keçiriləcək tədbirin iştirakçıları Xocalı faciəsi ilə yanaşı, münaqişənin tarixi, onun həlli istiqamətində görülən işlər, eləcə də Qarabağ münaqişəsi beynəlxalq hüquq müstəvisində və s. məsələlərə dair fikirlərini bölüşəcəklər.
Oslo Universiteti siyasi elmlər fakültəsinin “Sülh və münaqişələrin həlli” proqramının professor və müəllim heyətinin, əcnəbi tələbələrin, bir sıra xarici ölkənin Norveçdəki səfirlikləri əməkdaşlarının, media nümayəndələrinin və Azərbaycan icmasının təmsilçilərinin də qatılacağı tədbirdə Xocalı soyqırımı ilə bağlı ətraflı məlumatla yanaşı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış “Xocalı uşaqların gözü ilə” adlı fotosərgi də təqdim olunacaq və faciə haqqında məlumatları əks etdirən bukletlər paylanacaqdır. Həmçinin tədbir çərçivəsində NAYO-nun üzvü olan yerli icma nümayəndələri Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya miqyasında yaymaq məqsədi ilə nüfuzlu beynəlxalq təşkilatların e-mail ünvanlarına məlumatlar göndərəcək, xarici ölkələrin tanınmış ictimai-siyasi xadimlərinə məktublar ünvanlayacaqlar.
NAYO sədrinin sözlərinə görə, ümumiyyətlə, Azərbaycanın məruz qaldığı haqsızlıqlar, xalqımıza qarşı törədilmiş terror və soyqırım aktları barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması, eyni zamanda, uydurma “erməni soyqırımı” iddialarının ifşası məqsədi ilə ənənəvi olaraq Osloda hər il Azərbaycan tarixinə yazılmış qanlı hadisələrlə, günlərlə bağlı müxtəlif tədbirlər təşkil edilir. Dinc və günahsız həmvətənlərimizin vəhşicəsinə qətlə yetirilməsini, əsir və girovların dözülməz işgəncələrə məruz qalmasını beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədi ilə fotosərgilər və akademik tədbirlər keçirilir, həmçinin yerli sakinlərə Xocalı soyqırımı, 20 Yanvar və tariximizin digər qanlı faciələri ilə tanış olmaq və yaymaq üçün materiallar təqdim edilir.