Nürnberq tribunalının başa çatmasının 70 illiyi münasibətilə Bəyanatın layihəsi razılaşdırılıb
Minsk, 2 iyun, AZƏRTAC
Belarusun paytaxtında, MDB İcraiyyə Komitəsində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin dövlət başçılarının Nürnberq tribunalının işinin başa çatmasının 70 illiyi münasibətilə Bəyanatının layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası olub.
Bu barədə AZƏRTAC-a qurumun Minskdəki qərargahının mətbuat xidmətindən məlumat veriblər.
Ekspertlər MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) və Dövlət Başçıları Şurasının (DBŞ) Bəyanatının layihəsini və müvafiq qərarlarının layihələrini müzakirə edərək razılaşdırıblar.
İcraiyyə Komitəsinə dövlətlərin özündə razılaşdırılması üçün iclasın materiallarını MDB ölkələrinə göndərmək, sonra müəyyən olunmuş qaydada baxılması üçün Bəyanatın layihəsini MDB DBŞ-yə təqdim etmək tapşırılıb. Bəyanatın layihəsi MDB XİNŞ-in bu il aprelin 8-də Moskvada keçirilmiş iclasında əldə olunmuş razılaşmaya əsasən Rusiya tərəfindən hazırlanıb.
Ekspert qrupunun iclasında Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Moldova, Ukraynanın, MDB üzvü olan digər ölkələrin və İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk