Nyu-Meksiko qubernatorundan Xocalı məktubu
Vaşinqton, 24 fevral, AZƏRTAC
ABŞ-ın Nyu-Meksiko ştatının qubernatoru Susana Martinez fevralın 23-də Xocalı soyqırımının ildönümü ilə bağlı məktub imzalayıb.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna daxil olmuş məktubda qubernator Nyu-Meksiko ştatında və bütün dünyada yaşayan azərbaycanlılara Xocalı qətliamının 23-cü ildönümü və faciənin qurbanlarının anılması ilə bağlı dərin başsağlığı verdiyini bildirir.
Həmçinin, məktubda Azərbaycanın Xocalı şəhərində 1992-ci ilin 26 fevral tarixində baş vermiş faciə zamanı çoxlu sayda uşaqlar, qadınlar və yaşlı insanlar da daxil olmaqla 600-dən çox günahsız insanın qətlə yetirildiyi vurğulanır.
Qeyd edək ki, bu, Nyu-Meksiko qubernatoru tərəfindən Xocalı soyqırımının tanınması ilə bağlı imzalanmış ilk rəsmi sənəddir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton