OANA nümayəndələri İranın Atom Enerjisi Təşkilatında olublar
Tehran, 25 oktyabr, AZƏRTAC
Asiya-Sakit Okean Xəbər Agentlikləri Təşkilatının (OANA) XVIII Baş Assambleyasının nümayəndələri oktyabrın 25-də İranın Atom Enerjisi Təşkilatında (İAET) olublar.
AZƏRTAC xəbər verir ki, İAET-in rəhbəri Məhəmməd Eslami qonaqları salamlayaraq başçılıq etdiyi agentliyin fəaliyyətinin əsas istiqamətləri barədə söhbət açıb.
Xarici qonaqların diqqətinə təqdim edilən sənədli filmdə İAET-in tarixi və fəaliyyəti barədə söhbət açılır.
Məhəmməd Eslami qonaqların suallarına, o cümlədən AZƏRTAC-ın nümayəndəsi Vüqar Seyidovun İranda aparılan nüvə tədqiqatlarının humanitar tərəfi barədə sualına cavab verib. İAET rəhbəri bu sualın cavabında qeyd edib ki, onun ölkəsində aparılan tədqiqatlar nəticəsində İran alimləri radiologiya sahəsində, həmçinin onkoloji xəstəliklərin qarşısının alınmasında və müalicəsində tətbiq edilən, ağır su əsasında xüsusi tibbi avadanlıq yaradılmasında ciddi nəticələr qazanıblar.
Görüşdən sonra qonaqlar üçün İAET ərazisindəki nüvə laboratoriyalarına və bir sıra digər obyektlərə ekskursiya təşkil edilib.