Odessada 416-cı Taqanroq diviziyası döyüşçülərinin xatirəsi anılmışdır
Bakı, 16 aprel (AZƏRTAC). Ukrayna Azərbaycanlı Gənclər İttifaqı (UAGİ) Odessa vilayətində Odessanın alman-faşist işğalçılarından azad edilməsinin 70 illiyinə həsr olunmuş gecə təşkil etmişdir.
UAGİ-nin sədri Anar Tahirov AZƏRTAC-a bildirmişdir ki, tədbirdə Azərbaycan Ukraynadakı səfirliyinin birinci katibi Sabir Rzayev, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) Ukraynadakı nümayəndəliyinin başçısının müavini Həzi Aslanov, UAGİ-nin başçısı Anar Tahirov və Böyük Vətən müharibəsi veteranları çıxış etmişlər.
Tədbir şəhər sakinlərinə Odessanı azad edən Azərbaycan xalqının şanlı qəhrəmanlarının unudulmuş adlarını xatırlatmaq məqsədi daşımışdır. Axı, məhz azərbaycanlılar - Qırmızı Bayraqlı, Suvorov ordenli Taqanroq atıcı diviziyasının qəhrəmanları Ukrayna torpaqlarının, o cümlədən Odessanın müdafiəsi uğrunda canlarından keçmişlər.
Qonaqlar müharibədən geri dönməyən qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla anmışlar.
Tədbirdə Azərbaycan televiziyasının 416-cı diviziyanın qəhrəmanlıq yolundan söz açan “416-cı diviziya. Biz birlikdə qalib gəldik!” sənədli filmi nümayiş etdirilmişdir.
Tədbirin sonunda müharibə veteranlarının ünvanına minnətdarlıq dolu sözlər səslənmiş, onlara xatirə hədiyyələri təqdim olunmuşdur.