Oğuz rayonunda qanunsuz qazılmış 27 kömür quyusu aşkarlanıb
Bakı, 30 noyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə noyabrın 18-dən 26-dək reydlər keçiriblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Lənkəran rayonu ərazisində keçirilən reydlər zamanı Lerik rayonu Bibiyanlı kənd sakini Rasim Ağayevə məxsus “Ural” markalı 43 BB 952 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 10 kubmetr, Piran kənd sakini Qurbanəli Nəzərova məxsus “Qazel” markalı 43 BB 132 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 5,53 kubmetr və Lənkəran rayonu Təngivan kənd sakini Qəhrəman Əliyevə məxsus “Qazel” markalı 10 XM 184 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində isə 3,5 kubmetr həcmində qanunsuz yolla əldə edilmiş vələs, fıstıqcinsli meşə materiallarının aparıldığı aşkar olunub. Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib olunub və onlara, ümumilikdə, 1631,04 manat məbləğində ziyan tətbiq edilib.
İsmayıllı rayonu ərazisində keçirilən reydlər zamanı Qəbələ şəhər sakini Fazil Tahirzadəyə məxsus “Ford Transit” markalı 99 GV 536 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 920 kiloqram olan 184 kisə, İsmayıllı rayonu Mican kənd sakini Heydər Kərimova məxsus “Ford Transit” markalı 31 BD 659 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində isə ümumi çəkisi 900 kiloqram olan 300 kisə ağac kömürü aşkar olunub. Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib edilib.
Oğuz rayonu ərazisində keçirilən reydlər zamanı ağac kömürü hazırlanması məqsədilə Tayıflı kənd sakinləri İlqar Dursunova, Faiq İbrahimova, Vüsal Çələbiyevə, Tofiq Sadıqova, Anar Xəlilova, Şahmar İbrahimova və Vüsal Əzizova məxsus 27 kömür quyusunun qazıldığı və qanunsuz yolla əldə edilmiş 94,28 kubmetr həcmində meşə materiallarından istifadə edildiyi məlum olub. Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilib və onlara, ümumilikdə, 3359,98 manat məbləğində ziyan və cərimə tətbiq olunub. Reydlər zamanı aşkar olunan kömür quyuları ləğv edilib.