REGİONLAR
Oğuzda aşağı seçki komissiyalarının üzvləri səsvermə günü prosedurları barədə maarifləndirilirlər
Oğuz, 17 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Yanvarın 17-də 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsinin dairə seçki komissiyasında aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlərə start verilib. Treninqlər 6 gün davam edəcək.
Dairə seçki komissiyasının sədri Rəsul Cəfərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, treninqlərə dairənin tərkibinə daxil olan 63 seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri cəlb olunub. Teninqlər Mərkəzi Seçki Komissiyası tərəfindən tərtib edilmiş xüsusi proqram əsasında aparılır.
Dairə seçki komissiyasının üzvləri Aqşin Əlibəyli və Ceyhun Cabbarlının tədris etdiyi məşğələlər zamanı iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilir, komissiya üzvlərinin sualları cavablandırılır.
Komissiya sədrinin sözlərinə görə, bu dairə üzrə seçki məntəqələrinin 40-ı Oğuzda, 19-u Qəbələdə, 4-ü isə Şəki rayonu ərazisində yerləşir. Səkkiz məntəqədə veb-kamera quraşdırılıb. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə 54 min 425 seçici qeydə alınıb. Hazırda seçki dairəsində müşahidəçilərin qeydə alınması prosesi davam edir. İndiyədək 127 yerli müşahidəçi qeydiyyatdan keçib.