Oğuzda məskunlaşmış Xocalı ailələri ilə görüş keçirilib
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlının təşəbbüsü ilə Oğuz Rayon Mədəniyyət Mərkəzində rayonda məskunlaşmış Xocalı ailələri ilə görüş keçirilib.
Görüşdə çıxış edənlər tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqının növbəti belə faciə ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda üzləşdiyini bildiriblər. Qeyd edilib ki, bu dəhşətli hadisəyə siyasi-hüquqi qiymət verilməsi ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olub. Ulu Öndər Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüb.
Ümummilli Liderin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla xalqımıza qarşı müxtəlif illərdə törədilmiş soyqırımı cinayətlərinə siyasi qiymətin verildiyi vurğulanıb. Fərmanda haqlı olaraq dünya ictimaiyyətinə çatdırılır ki, XIX-XX əsrlərdə Azərbaycan xalqının başına gətirilən faciələr torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülüb planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib.
Qeyd edilib ki, Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.
Oğuz rayonunun Xalxal və Bucaq kəndlərində məskunlaşmış Xocalı sakinləri Südabə Abdullayeva və Vidadi Həsənov qaçqın və məcburi köçkün ailələrinin sosial vəziyyətlərinin yaxşılaşdırılmasını hər zaman diqqətdə saxladığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda Xocalı ailələrinə ərzaq yardımları göstərilib.