OĞUZDA SOYQIRIMI QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR
Oğuz, 31 mart (AZƏRTAC). Azərbaycanlıların soyqırımı günü münasibətilə Oğuz Rayon İcra Hakimiyyətində keçirilən ümumrayon tədbirinin əvvəlində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İctimaiyyət nümayəndələrinin, ziyalıların qatıldıqları toplantıda rayon icra hakimiyyətinin başçısı Aydın Əlihüseynov bildirmişdir ki, martın 31-i Azərbaycan xalqı üçün kədər və hüzn ilə qeyd olunan bir gündür. “Böyük Ermənistan” dövləti yaratmaq xülyasında olan erməni qəsbkarları 1918-ci ilin martında Bakıda və digər bölgələrdə azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyaların həyata keçirilməsinə başlamışlar. Aksiyalar zamanı yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edilmiş, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir.
Natiq bildirmişdir ki, uzun müddət bu qanlı hadisələrə heç bir münasibət bildirilməmişdir. Yalnız 80 il sonra ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə xalqımıza qarşı törədilmiş soyqırımına hüquqi-siyasi qiymət verilmişdir.
Yığıncaqda rayon icra hakimiyyəti başçısının müavini Yusif Naxçıvanski ermənilərin törətdikləri deportasiya və soyqırımı siyasətinin tarixi kökləri və məqsədləri barədə məruzə etmişdir.
Məruzədə 1918-ci ilin mart qırğınları, daşnakların azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti, XX əsrin ortalarında və sonlarında soydaşlarımızın Ermənistandakı tarixi torpaqlarından kütləvi surətdə qovulması, ermənilərin Azərbaycana yeni ərazi iddiaları - Qarabağ müharibəsi və digər məsələlər geniş əksini tapmışdır.